O, işinin ustasıdır. Ucqar dağ kəndində doğulmasına baxmayaraq, işini, karyerasını qurmaqdan çəkinməyib, həm də heç bir dəstəyi olmadan. Sadəcə, iynə, sap və qayçısı ilə. Bu gün əldə etdiyi uğurları isə işinə olan sevgisinə, özünə olan inamına borcludur. Söhbət Azərbaycanın tanınmış modelyeri Şəlalə Maqsudovadan gedir. Müsahibimizlə söhbəti oxucularımıza təqdim edirik.
– Kifayət qədər uzun müddətdir ki, moda sahəsinədəsiniz. Bu sahəyə gəlişiniz necə baş verdi? Sizi bu işə motivasiya edən nə oldu?
– Bu sahəyə marağım uşaqlıqdan olub. Xatırlayıram ki, bağça yaşlarında bir çantam, bir kuklam, bir iynə-sapım və bir də qayçım var idi. Bağçaya məhz bunlarla gedirdim. Atam da həmişə müəllimlərimə deyərdi ki, bunu yatızdırmayın. Hamı istirahətə çıxanda mən oturub gəlinciyimə paltar hazırlayırdım. Eyni zamanda, çox gözəl şəkillər çəkirdim və həmin şəkilləri də kuklalarımın üzərində işləyirdim. Orta məktəb illərindən sərgilərim açılmağa başladı. Tez-tez rayonlar üzrə sərgilərdə iştirak edir və hər zaman da birinci yeri tuturdum. Sizə deyim ki, təkcə tikiş üzrə deyil, toxuculuq, quramalar, taxta üzərində yandırmalar, quru güllərdən ikebanalar hazırlamağı da sevirdim. 1986-cı ildə rayonlar üzrə rəssamlıq yarışmasında birinci yerə çıxdım. O dövrdə İncəsənət Universitetinin müəllimləri mənə bildirdilər ki, mütləq rəssamlıq üzrə ali təhsil almalıyam. Mən ən çox dizayner-rəssam olmaq istəyirdim. Bu mənim uşaqlıq arzum idi.
– İlk sifarişiniz necə, yadınızdadırmı?
– Əlbəttə. Mənim ilk müştərim 4-cü sinifdə olub. Heç vaxt da yadımdan çıxmır. Deməli, anamın paltartikən maşını var idi. O mənə icazə vermirdi ki, əlimi yaralayaram. Mən də məcbur əlimdə sinif yoldaşıma ağ məktəbli önlüyü tikmişdim. Ona iynə ilə o qədər səliqəli saplar vurmuşdum ki, sanki maşında tikilib. Həmin önlüyü 2 rubla tikmişdim. İlk qazancım da həmin 2 rubl olub.
– Bu işə nə qədər büdcə ilə başladınız?
– Əslində, bu işi qurmaq üçün heç bir büdcəm olmayıb. Nə etmişəmsə, sıfırdan etmişəm. Bunu da mənə təkan verən öz bacarıq və qabiliyyətim olub. Hər hansı bir geyimi ortalığa çıxarmaq üçün bazam olub. Bu baza nə idi? Birinci növbədə, fantaziyam, ikinci növbədə, eskizlərimi çəkmək qabiliyyətim, üçüncü növbədə hazırlanmış eskizləri asanlıqla parça üzərinə köçürmək, biçmək və biçdiklərimi də çox gözəl dərəcədə tikmək idi. Ona görə heç bir sərmayəyə ehtiyacım olmayıb.
– İlk dəfə işə başlayanda ağlınızda bir yol xəritəsi var idimi? İndi həmin yolun harasındasınız?
– Təbii ki, var idi. Mən bu işi özümü dərk edəndən sevmişəm. Hər zaman da bu işin arxasınca getmişəm. Valideynlərimə də söyləyirdim ki, bu işin ustası olacağam. Çox gözəl xatırlayıram ki, orta məktəb illərində məhəlləmizdəki qonşumuzun qızlarına tez-tez geyimlər hazırlayırdım. Qonşu xalaları da yığıb masada əyləşdirirdim ki, sizə geyimlərimi təqdim edəcəyəm. Baxın, qiymət verin. Onlar da əl çalırdılar. Düzdür, o vaxt bilmirdim ki, dəfilə nədir, kolleksiya nədir, amma həmin alqışlar məni sevindirirdi. Eyni zamanda, məktəbimizdə hazırladığım geyimləri nümayiş etdirirdim və çoxlu diplom qazanmışdım. Bütün bunlar məni həm həvəsləndirir, həm də ildən-ilə önə çəkirdi.
– İşinizin sevmədiyiniz tərəfləri hansılardır?
– İşimin sevmədiyim tərəfi yoxdur, hərtərəfli sevirəm. Özümü bir gün belə işimsiz təsəvvür etmirəm. Bu mənim sevdiyim sənətdir. Onun sayəsində çox böyük uğurlar əldə etmişəm, çox böyük işlərə imza atmışam.
– Bu vaxta qədər ən yüksək qonorar aldığınız əl işinizi bizimlə bölüşərsinizmi?
– Mən təkcə tikişlə məşğul olmuram, muncuqlarla, saplarla rəsm əsərləri toxuyuram. Ən bahalı əl işim, təxminən, 10-15 il bundan əvvəl olub. Bu, böyük bir gəlincikdi. Həmin gəlincik, təxminən, 1 metr hündürlüyünə çatırdı. Milli geyimdə olan gəlinciyi may ayında Bakıda keçirilən Gül bayramında olduqca baha qiymətə xarici bir vətəndaşa satmışdım.
– Bu günə qədər yaranan maliyyə problemlərinizi necə həll etmisiniz?
– İndiyədək maliyyə problemim olmayıb. Atamın gözəl bir sözü var, deyir: yaxşı sənətkar günortaya qədər ac qalır, günortadan sonra Allah onun ruzisini verir. Ona görə heç vaxt maliyyə problemi yaşamamışam.
– Sizi həmişə yerli məşhurların ətrafında görürük. Dünyaca ünlü hansısa məşhurla çalışmaq arzunuz varmı?
– Sentyabrda Milana dəvət almışdım. Orada keçirilən Moda həftəsində iştirak etdim. Bu, mənim dünyagörüşümə çox yaxşı təsir etdi. Qismət deyilən bir şey var. Dünyaca ünlü məşhurla işləmək niyə də olmasın. Sadəcə, yenə də deyirəm bu istəməklə deyil, qismətdən asılı məsələdir.
– Biznesə başlamaq, karyera qurmaq istəyən qadınlara hansı məsləhətləri verərdiniz?
– Xanımlarımıza tövsiyə edirəm ki, heç vaxt işlərindən qorxmasınlar. Gördükləri işə sevgi ilə yanaşsınlar. Məsələn, mən heç vaxt hansısa işi görəndə düşünməmişəm ki, buradan qazancım nə olacaq. Əslində, işimin dəyərini, səviyyəsini düşünmüşəm ki, işim gözəl olsun. Gözəl iş həmişə sonda qiymətləndirilir. Ona görə hər zaman ortaya səviyyəli, yaxşı iş çıxarmağa çalışmışam. Doğrudur, mənim dəstəkçim olmayıb, Qaxın ucqar bir dağ kəndindən çıxmışam, amma ayaqlarımı yerə sağlam basmışam, öz işimi, karyeramı qurmuşam. Ona görə insanda, ilk növbədə, inam olmalıdır. Əgər həyatda hansısa enişlər olursa bu, normaldır. Ucalmaq üçün həmin o enmələr olmalıdır. Yetər ki, xanımlarımız özlərinə güvənsinlər, gördükləri işi sevsinlər və həvəsdən düşməsinlər. O zaman uğur onlarla olacaq.